LAYİHƏ HAQQINDA ÜMUMİ MƏLUMAT

 

   Hörmətli kimya həvəskarları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi"də qalib gəlmiş "Kimyafobiya ilə Mübarizə" adlı layihə çərçivəsində görüləcək işlərlə tanış olun.

  • Problemin qoyuluşu

   "Kimyafobiya" sözü "kimya" sözü ilə qorxu və nifrət mənasında işlədilən "fobos" sözlərindən əmələ gəlmişdir. "Kimyafobiya ilə mübarizə" dedikdə kimya fənninə qarşı marağı azaldan, onu diqqətdən kənarda qoyan amillərə qarşı tədbirlərin görülməsi başa düşülür. Bəzi orta məktəb şagirdlərinin kimyaya olan negativ münasibətini ortadan qaldırmaq məqsədilə "şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdən xaric  və məktəbdənkənar tədbirlərin təşkili" mövzusunda  belə bir layihə təqdim olunur. Şagirdin gözündə kimyanın çətin bir fənn kimi görünməsinin səbəbləri müxtəlifdir. Kimyanın asan öyrənilən fənn hesab edilməməsi, ekoloji problemlərin səbəbkarı kimi görünməsi, eksperimental bir elm olan kimyanın şagirdin qarşısına qaydalar toplusu şəklində çıxarılması və sairələr kimyafobiyanın yaranma səbəbləri sayıla bilər. Sadalanan problemlər ölkəmizdə kimya fənninin effektiv tədrisinə mane olan amillərdir. Günü-gündən inkişaf edən ölkəmizdə yeni kimya fabrikləri qurulur və istifadəyə verilir. Bu da bu Kimya fənnini yaxşı bilməyin gələcəkdə ölkəmizin kimya sənayesində qabaqcıl dövlətlərdən olmasına böyük təsir göstərər. Səbəb hər nə olursa olsun nəticədə istər şagirdlər, istərsə də kimya müəllimləri aşağıdakı problemlər ilə qarşılaşmalı olurlar.

  1. Eksperimental və çoxsaylı sənaye proseslərinin əsasını təşkil edən bir elmin təmsilçisi olaraq kimya fənni hazırda "təbaşir kimyası" dövrünü yaşayır.
  2. Müasir təlimin tələblərindən biri olaraq şagirdlər müstəqil axtarışlara yönəldildikdə yeni elmi məlumatların və maraqlı faktların əsasən əcnəbi dillərdə olması reallığı ilə rastlaşırlar.
  3. Gənclər Fondunun dəstəyi ilə bölgələrdə "dünya görüşü" mövzusu altında təşkil olunan intelektual yarışlarda istifadə olunan suallar tarix, coğrafiya və ədəbiyyat kimi humanitar fənnlərə aid olduğundan, kimya yenə də diqqətdən kənarda qalır.
  4. Ölkəmizdə yüzə yaxın kimya müəsisəsi olsa da bəzi şagirdlərimizin bu zavodlarda aparılan işlərdən və onların ölkəmiz üçün əhəmiyyətindən xəbərləri belə yoxdur.
  5. Uğurla kariyeranın ilk addımları uğurlu insanlar ilə tanış olmaqla atılır. Orta məktəb şagirdlərinin bu cür insanlarla görüşlərinin təşkil olunmaması, onlarla ünsiyyət qura bilməməsi şagirdlərin gələcək haqqında fikirlərini limitləyir.
  6. Cəmiyyət arasında kimyanın ekoloji problemlərin səbəbkarı kimi ittiham olunması öz təsirini şagird düşüncəsinə də göstərir. Gələcək nəsillər üçün daha gözəl, daha təmiz bir dünya qura bilmək üçün durmadan inkişaf edən Yaşıl Kimya kimi elmdən xəbərsiz olan bəzi şagirdlər nəinki kimyanı sevmir, hətta ondan qorxu və həyəcanla danışırlar.
  • Layihənin məqsəd və vəzifələri

      Bu layihənin həyata keçirilməsində əsas məqsəd yuxarıda sadalanan problemlərin həll edilməsinə yardım etməkdir. Bu məqsədlə layihə qarşısında qoyulan vəzifələri aşağıdakı kimi sıralamaq olar.

  1. Şagirdlər üçün kimyaya aid ən son məlumatlar ilə zəngin yeni, müasir və əlçatan informasiya mənbəyinin yaradılması. Ən əsası isə həmin mənbənin öz dilimizdə olması.
  2. Keçiriləcək seminarlarda şagirdlərin kimya sahəsində uğurlu kariyera qurmuş insanlar ilə görüşlərinin təmin olunması. Bu görüşlər sayəsində şagirdlərin hələ orta məktəb dövründən gələcək peşələri barədə fikrə sahib olmaları.
  3. Ucqar kəndlərdə, maddi-texniki bazası zəif olan məktəblərdə təhsil aldığı üçün kimya eksperimentləri aparmaq imkanı olmayan şagirdlərə  maraqlı kimya təcrübələrinin nümayiş etdirilməsi.
  4. Kimya ilə bağlı sualların istifadə olunacağı intelektual yarışın təşkil olunması və qaliblərin mükafatlandırılması.

 

  • Görüləcək işlər

     Layihə çərçivəsində Sumqayıt şəhəri və Quba rayonu ərazisindəki bir neçə ümumtəhsil məktəbində məktəblilər ilə görüşlərin təşkil olunması nəzərdə tutulur. Keçiriləcək görüşlərdə iştrak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq form doldurmaqla qeydiyyatdan keçməlidirlər.

 

        (İzləyici kimi qeydiyyatdan keç)

 


    Cədvəldə qeyd olunan hər görüş aşağıdakı vahid proqrama uyğun olaraq təşkil olunur, lakin "günün qonağı" qismində dəvət olunan şəxs, nümayiş etdiriləcək təcrübələr və bilik yarışında istifadə oluncaq suallar hər görüşdə fərqli olur. Günün qonağı sizlər arasından seçilir, həmin şəxsin yemək və nəqliyyat xərcləri layihə çərçivəsində ödənilir, çıxışın sonunda ona "Təşəkkürnamə" təqdim olunmaqla bank hesabına xidmət haqqı olaraq müəyyən vəsait ödənilir. Qonağın sosial statusu, uğurları və kimya elmi ilə yaxın olması nəzərə alınır. Görüşlərdə qonaq qismində iştrak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq form doldurmaqla qeydiyyatdan keçə bilərlər.

 

(Qonaq kimi qeydiyyatdan keç)

 

  •  Görüşlərin proqramı

1)  Açılış çıxışları

 

  • Layihə rəhbəri "Kimyafobiya ilə Mübarizə" ideyasının tarixi haqqında məlumat verir, bu günə qədər görüşmüş işlər, qazanılan uğurlar və gələcək hədəflər haqqında danışır. Daha sonra günün qonağı nə cari görüşdə icra onunacaq təcrübələr haqqında məlumat verilir.

 

2)  "Günün qonağı"nın çıxışı

 

  • Qonağın çıxışına minimun 20 dəqiqə vaxt ayrılır. Bu müddət ərzində həmin şəxs öz peşəsi, bu peşənin kimya elmi ilə birbaşa və dolayı əlaqələri, uğurları, seçdiyi peşənin dünya və ölkə səviyyəsində kariyera imkanları və başqa zəruri məqamlar haqqında dinləyicilərə məlumat verir. Tədbir kimyanı sevdirmək üçün təşkil olunduğundan qonaqların kimya ilə yaxın ixtisas sahibləri olmalarına və öz kariyeralarındakı uğurları ilə önə çıxan insanlar olmalarına xüsusi diqqət yetirilir. Qonağın çıxışı öncədən özü tərəfindən hazırlanmış slayd ilə müşahidə olunur. Qonaq kimi qeydiyyatdan keçənlərə ətraflı məlumat veriləcək.

 

3)  Təcrübələr 

 

  • Təcrübələr layihə çərçivəsində öncədən dəvət olunmuş ekspert tərəfindən aparılır. Eksperti komandamızın üzvlərindən biri müşayət edir və aparılan reaksiyaların qısa izahını verir. Hər görüşdə 3 müxtəlif təcrübə olmaqla 6 görüş ərzində 18 müxtəlif təcrübənin nümayiş etdirilməsi nəzərdə tutulur. Bu tərcübələr üçün tələb olunan reaktiv və avadanlıqların alınması üçün layihə çərcivəsində maddi vəsait də nəzərdə tutulmuşdur. İzləyicilər arasından seçilən şagirdlər də zaman-zaman təcrübələrin icrasına cəlb oluna bilərlər.

 

4)  Bilik yarışı

 

 

  • Bilik yarışında istifadə oluncaq suallar təşkilatçılar tərəfindən hazıranmış, viktorina xarakterli kimyaya aid açıq suallar olur. Bilik yarışının iştrakçıları öncədən müraciət formunda bilik yarışının iştrakçısı olmaq istədiyini qeyd etmiş izləyicilər arasından seçilir. Həmin şagidlər ilə öncədən əlaqə saxlanılaraq lazımi təlimatlar verilir, görüş zamanı adları ilə səhnəyə dəvət olunurlar. Qalib gələn iştirakçılara "Fəxri Fərman" təqdim olunur. 
  • Yekun

Təşkil olunacaq görüşlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması təşkilatçılar tərəfindən müsbət qarşılanır, lakin bu barədə öncədən bizimlə əlaqə saxlanılmasını xahiş edirik.  "Kimyafobiya ilə Mübarizə" olaraq belə bir tədbirin təşkil olunmasına vəsilə olan hər kəsə səhifəmizin bütün izləyiciləri və bütün kimyasevərlər adından  təşəkkür edir,  bütün kimya həvəskarlarını tədbirlərimizdə fəal iştirakçı olmağa dəvət edirik. İnanırıq ki, bu il cəmi iki şəhərdə (rayonda) təşkil olunan görüşlər Təhsil Nazirliyini dəstəyi ilə növbəti illərdə başqa bölgələrimizdə də təşkil olunacaq. Əlbəttə ki bunun reallaşması böyük miqyasada sizlərin bu tədbirlərə göstərəcəyiniz sevgi və maraq ilə bağlı olacaq.

 

Hər zaman dediyimiz kimi, kimya hər yerdə və hər kəs üçündür!

 

Kənarda qalmayın!

 

 

Diqqətiniz üçün təşəkkür edirik.

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.