Avoqadro Qanunu

 

   XIX əsrdə qazların məhz hansı hissəciklərdən təşkil olunması alimlərin mübahisə mövzusu idi. Bu problemi həll etməyə Lorenso Romano Amadeo Karlo Avoqadro di Kvarenya e di Çerreto (Amadeo Avoqadro) müvəffəq oldu. O, Qey-Lüssak və digər alimlərin nəticələrini diqqətlə analiz edərək, 1811-ci ildə yazırdı: "Qəbul etmək lazımdır ki, qaz halında olan maddələrin həcmləri ilə onları əmələ gətirən sadə və mürəkkəb molekulların sayı arasında çox sadə nisbət vardır. Bununla əlaqədar olaraq meydana çıxan və birinci qəbul edilən yeganə fərziyyə ondan ibarətdir ki, istənilən qazın tərkibini təşkil edən molekulların sayı eyni həcmdə bərabər sayda olur."

   Üç il sonra Avoqadro öz nəzəriyyəsini daha dəqiq ifadə edib qanun şəklinə salır: "Eyni təzyiq və temperaturda qaz halında olan maddələrin bərabər həcmində bərabər sayda molekul olur. Bu səbəbdən müxtəlif qazların sıxlığı onların molekullarının kütlə meyyarı ola bilər."

Avoqadronun yaşadığı dövrdə bu qanunu isbat etmək, onu nəzəri baxımdan əsaslandırmaq mümkün deyildi. Belə imkan qazların molekulyar kinetik nəzəriyyəsinin inkişafı ilə sonradan yarandı. Molekulun qabın divarlarına endirdiyi zərbələrin enerjisi onun kütləsindən deyil, ancaq temperaturdan asılıdır. Ona görə ki yüngül molekullar sürətlə, ağır molekullar isə yavaş hərəkət edir. Bununla belə onların kinetik enerjisi bərabər olur. Beləliklə, verilmiş həcmdə molekulların bərabər sayı eyni təzyiq yaradır və əksinə, iki qazın bərabər təzyiqi onu göstərir ki, onların molekulları sayı eynidir.

   Nə qədər təccüblü olsa da Avoqadro qanunu və bu qanundan çıxan bir çox sadə mühakimələr o dövrün alimlərini qane etmədi və nəzəriyyə bir neçə onilliklər ərzində praktik olaraq nəzərə çarpmadı. Avoqadro qanununun qəbul edilməməsinin əsas səbəbi həmin dövrdə Bertselius tərəfindən yaradılmış dualist kimyəvi quruluş nəzəriyyəsinin hakim olması idi. Bu nəzəriyyəyə görə bütün atomlar elektrik yükünə malik olur, molekullar isə bir-birini cəzb edən əks yüklü atomlardan əmələ gəlmişdir. Bu nəzəriyyə baxımından eyni atomlardan qurulmuş oksigen molekulunun qurulmasını təsəvvür etmək mümkünsüz idi. Bu səbəbdən kimyaçılar arasında böyük nüfuza malik Bertselius Avoqadro hipotezini rədd etdi və digər kimyaçılar da ona həmrəy oldular.

   Beləcə Avoqadronun hipotezi unuduldu, ta ki, XIX əsrin 50-ci illərində gənc italyan kimyaçısı Stanislao Kannisaro bu hipotezi canlandırıb, öz həmkarlarını onun doğruluğuna inadırana kimi. Kannisaro qaz molekulları üçün həqiqi formulları qəbul edərək təcrübələrin nəticələrini Avoqadro qanunu ilə uyğunlaşdırdı.

Daha sonralar Avoqardonun bəhs etdiyi hissəcikləri saxlayan maddə miqdarını ifadə etmək üçün Vilheym Ostvald tərəfindən elmə mol anlayışı daxil edildi. (lat. "mole"-"kütlə") Bundan sonra alimləri bir molda olan hissəciklərin sayı yəni Avoqadro ədədi maraqlandırmağa başladı. Onlar atom və molekulların çox kiçik ölçüyə malik olduqlarını yəqin etmişdilər və Avoqadro ədədinin çox böyük olduğunu təsəvvür edirdilər amma alacaqları qiymət onları çox təəccübləndirəcəkdi.


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.