Metalların Elektrokimyəvi Gərginlik Sırası

(Beketov Sırası)

 

  Alessandro Volta təcrübi olaraq metalların gərginlik sırasını müəyyən etmişdir. Bu sırada metallar bir-birindən nə qədər uzaqda olsa onlardan düzəldilmiş qalvanik elementin gücü bir o qədər yüksək olurdu. O vaxtlar bunun səbəbi aydın deyildi. Düzdür, hələ 1797-ci ildə alman alimi İohan Vilheym Ritter qeyd edirdi ki, metalların gərginlik sırasında onlar özlərinə oksigen birləşdirmək qabilliyyətlərinin azalması ilə düzülməlidirlər. Sink və qızıl misalında bu nəticə doğru idi, digər metallarda isə kənaraçıxmalar müşahidə olunurdu.

  Fiziki kimyanın banılərindən biri, rus alimi Nikolay Nikolayeviç Beketov 1853-cü ildə Parisdə "bir elementin digər elementi sıxışdırıb çıxarması" hadisəsinin tədqiqi mövzusunda məlumat verir, beləcə "metalların sıxışdırıb çıxarma" və ya aktivlik sırası yaranmış olur. Hidrogen bir çox hallarda xassəcə metallara yaxın olduğundan bu sırada onu misdən əvvəl yerləşdirirlər. İlk öncə Beketov belə bir qənaətə gəlir ki, məhlulda yüngül metallar daha ağır metalları sıxışdırıb çıxarmalıdır, lakin bu ideya təcrübədə hər zaman təsdiqini tapmadı. "Sıxışdırıb çıxarma" və Voltanın gərginlik sıraları arasında əlaqə aydın deyildi, və dahası "sıxışdırıb çıxarma" qanunundan kənaraçıxmalar da mövcud idi.

  Alman kimyaçısı Valter Nerts aktivlik sırasının nəzəri əsasını qoyur. O metalın bu və ya digər reaksiyaya "hərisliyi" kimi vəsfi xarakteristikası əvəzinə hər bir metalın ion şəklində məhlula keçməsi, həmçinin ionların elektrodlarda metala kimi reduksiyasını xarakterizə edən dəqiq miqdari kəmiyyət daxil etdi. Bu yeni kəmiyyət metalın standart elektrod potensialı, bu potensialın dəyişməsi ilə qurulmuş sıra isə, standart elektrod potensialları sırası adlandırıldı. Metalın standart elektrod potensialını təyin etmək üçün bir elektrodu öz duzunun məhluluna salınmış tədqiq olunan metaldan, digər elektrodu isə standart elektrod olaraq qəbul edilən hidrogen elektrodundan ibarət qalvanik elementin elektrik hərəkət qüvvəsi ölçülür. Bu ölçmənin nəticəsinə görə təyin olunmuş sıra aşağıdakı kimidir:

Li,K,Ba,Ca,Na,Mg,Al,Mn,Zn,Fe,Cd,Co,Ni,Sn,Pb,H,Bi,Cu,Ag,Hg,Pd,Pt,Au

  Bu sıra tam mükəmməl olmasa da bir çox kimyəvi hadisələrdən baş çıxarmağa kömək edir. Bu sıradan aşağıdakı məqsədlər üçün istifadə etmək olar:

1) Elektroliz məhsullarının proqnozlaşdırılması

2) Nitratların parçalanma məhsullarının proqnozlaşdırılması

3) Korroziyaya qarşı mübarizə metodunun seçilməsi 

 

4)Metal və duz arasında gedən reaksiyanın nəticəsinin müəyyənləşdirilməsi.


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.