Dövrü Cədvəlin "Dərəcəli" Forması

  Dövrü sistemin bu forması 1964-cü ildə Teodor Benfey tərəfindən hazırlanmışdır. İlk baxışdan bir az qəribə görünsə də bu cədvəl öz xüsusiyyətləri və daşıdığı qanunauyğunluqlara görə hal-hazırda istifadə etdiyimiz cədvəllərdən heç də geri qalmır. Cədvəlin qurulma prinsipi ilə qısaca tanış olaq.

 

  Bütün cədvəl iki halqadan təşkil olunub- əsas halqa və köməkçi halqa. Hər şeydən əvvəl bilmək lazımdır ki, bu cədvəldə elementlərin yerini sıra nömrəsinə görə deyil yerləşmə bucağına görə müəyyən edirlər. Belə ki, cədvəlin əsas hissəsi 360 dərəcəlik çevrənin 18 seqmentə və bir-birinin daxilində yerləşən 7 konsentrik çevrəyə bölünməsindən əmələ gəlmişdir. Bu rəqəmlər bizə dövrü sistemin müasir formasından məlumdur və eyni mahiyyəti daşıyır. Köməkçi halqada isə yalnız iki konsentrik çevrə var- daxili və xarici çevrə. Bu bizə müasir dövrü sistemdə rastlaşdığımız Lantanoid və Aktinoidlərin cədvəldən ayrı yerləşdirilməsini xatırladır. Köməkçi halqa əsas halqadakı 50°-90° dərəcələri arasındakı elementləri özündə saxlayır.  Hər iki halqanın radiusu elə müəyyən olunub ki, köməkçi halqa əsas halqanın davamı kimi görünür 50°-90° dərcələri arasında əsas halqanın üzərində yerləşməli olan 14x2 sayda f elementi elementi, yəni Lantanoidlər və Aktinoidlər burada yerləşiblər, əsas halqada isə yalnız s, p və d elementləri yerləşiblər. Mərkəzi hissədə 1s elementləri yerləşir. Mərkəzi hissəni əhatə edən ilk çevrənin üzərində yerləşən 8 element 2s və 2p elemenləridir. Çevrələrin üzərində elementlər sıra nömrələrinin artması ilə saat əqrəbi istiqamətində düzülüblər. Daha sonrakı çevrədə 3s və 3p elementləri yerləşir. Qalan bütün çevrələrin hər birində eyni sayda, 18 element var. Əsas halqa üzərindəki son iki çevrədə yerləşməli olan elementlər əsas halqa üzərində yerləşdirilsəydi cədvəlin forması pozulardı. Bu baş verməsin deyə Lantandan sonra gələn 14 element, və Aktiniumdan sonra yerləşməli olan 14 aktinoid köməkçi halqa üzərində yerləşdiriliblər. Cədvəl daxilindəki qarışıqlığı ortadan qaldırmaq məqsədi ilə halqaların yerləşmə ardıcıllığı oxlarla göstərilib. Bu oxlara fikir versək görərik ki, cədvəl onun mərkəzindən başlayır, və bir-birini əvəzləyən çevrələr boyu xaricə doğru gedir. Maraqlı məqam odur ki, bir-birini əvəzləyən bu çevrələrin sayı müasir cədvədəki dövrlərlə uyğundur. Son halqanı tamamlayan elementin sıra nömrəsi isə 118-dir. Buradan belə bir nəticəyə gəlmək olar ki, bu mövcud ola biləcək elementlərdən sonuncusudur. Çünki cədvəlin forması tələb edir ki, yeni əlavə olunacaq 119-cu element yeni bir çevrədə yerləşdirilsin və əgər yeni bir çevrə yaranarsa o mütləq dolmalıdır. Bu cədvələ daha 32 elementin əlavə olunması ilə mümkündür. Bu isə mümkünsüzdür. Çünki daha ağır nüvələr çox davamsız olub çox yaşamırlar. Müasir cədvəldəki qrupları burada əsas halqanın seqmentləri ifadə edir. Mərkəzdən başlayaraq eyni seqment üzərində yerləşən elementlərə diqqət yetirməklə buna əmin olmaq olar.


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.