Qazların suda həll olması

Dalğıclar və qazlı içkilər

 

            Dalğıclar suyun altında olarkən onlar həm su üzərindəki atmosferin, həm də okean suyunun özünün göstərdiyi təzyiqə məruz qalırlar. Qoruyucu vasitələr olmadan elə də dərinə enmək mümkün deyil, çünki dərinliyə doğru təzyiq hər 10 metrdə bir atmosfer artır. Döş qəfəsi üzərində artan bu təzyiq 10 metrdən sonra tənəffüsü çətinləşdirir.Bildiyiniz kimi tənəffüs döş qəfəsi və diafraqma əzələlərinin iştirakı ilə baş verir. Dalğıcın tənəffüs etməsi üçün daşıdığı balondakı təzyiq, suyun döş qəfəsi üzərindəki təzyiqdən böyük olmalıdır. Lakin, burada başqa problem ortaya çıxır. Təzyiqin artması qarışıqdakı oksigenin parsiyal təzyiqini də artması deməkdir ki, bu da qanda daha çox oksigenin həll olmasına səbəb olur. Qandakı oksigenin miqdarının belə artımı fermentlərin oksidləşməsinə səbəb olduğu üçün sinir sistemini zədələyir, son nəticədə ölümə belə səbəb ola bilir. Bu baş verməsin deyə dalğıcların istifadə etdiyi qaz qarışığında oksigenin həcm payı havadakından daha az olur. Azot da problemlər yaradır, təzyiqin artması ilə azotun qanda artan miqdarı "azot narkozu" adlandırılan hala səbəb olur. Bu hal əlamətlərinə görə alkoqolun təsirini xatırladır və ağır fəsadlar törədə bilir. Dalığıcın endiyi dərinlik kifayət qədər çoxdursa, onun ağzından çıxan qaz qabarcıqları daha kiçik olur. Bunun səbəbi xarici təzyiqin qovuqcuq daxilindəki təzyiqdən daha böyük olmasıdır. Dalğıclar heç vaxt su üzünə çox böyük sürətlə çıxa bilməzlər. Balondakı təzyiqin təsirilə qanda həll olmuş qazların miqdarının normaya düşməsi üçün xarici təzyiq tədricən azaldılmalıdır. Əks halda qandan ayrılan qazların formalaşdırdıqları qabarcıqlar limfa damarlarını tutaraq qanın hərəkətinə mane ola bilər. Bu halda dalğıcın əzələlərində qıcolma şəklində kəskin ağrılar baş verə bilir. Yuxarıda sadalanan halların qarşısını almaq üçün dalğıc balonlarına azot əvəzinə helium vurulur.

    Baş verənləri başa düşmək üçün qazlı su butulkalarını yada salın. Belə butulkaların daxilində təzyiq 4 atm-ə yaxın olur. Bu təzyiqda karbon qazı suda həll olmuş haldadır. Qapaq açılanda təzyiq düşür, qaz sudan ayrılır. Ayrılan qabarcıqların damarlarımız daxilində gəzdiyini düşünün, bu necədə ağrılı olardı.

     Fikir vermisinizsə, havada oksigenin həcm payının təxminən 21% olduğu göstərilir. Cümlədəki qeyri-müəyyənlik təkcə miqdarın təxmini təyin olunduğunu yox, həm də müxtəlif yerlərdə bu qiymətin müxtəlif olduğunu göstərir. Bu səbəbdəndir ki, olimpiya oyunları təşkil olunarkən şəhərin coğrafi mövqeyi də nəzərə alınır. Yarış zamanı havadaki oksigenin miqdarının normadan az olması atletin tez yorulmasına səbəb olur. İşləyən əzələlər özlərinə yetərli miqdarda oksigen təmin edə bilmirlər. 


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.