Niyə yeni elementlər sintez edilir?

 

                Bu gün Amerika, Almaniya, Rusiya və Yaponiya kimi ölkələrin nüvə tədqiqat mərkəzlərində elm adamları mövcud elementləri başqa elementlər ilə bombardman etməklə yeni elementlər sintez etməyə çalışırlar. Məsələn, 1994-cü ildə tam 4 həftə boyunca Pb-208 elementi Ni-62 nüvələri ilə bombardman edildikdən sonra kütlə ədədi 269 olan 110 nömrəli elementin cəmi 4 atomunu almaq mümkün oldu. Elə həmin ilin dekabr ayında buna oxşar olaraq Bi-209 hədəfi Ni-64 nüvələri ilə 18 gün atəşə tutulduqdan sonra kütlə ədədi 272 olan 111 nömrəli elementdən cəmi 3 atomu alındı.              

                Dünyanın adlı-sanlı fiziklərinin baş qoşduğu belə tədqiqatların aparılması üçün lazım olan avadanlıqların alınmasına hər il böyük miqdarlarda pul xərclənir. Hələ ki alınan yeni elementlər çox davamsız olub, bir saniyədən daha az müddətdə parçalanaraq başqa elementlərə çevrilirlər. Bəs bu qədər pul, enerji və beyin gücünün belə bir  işə sərf olunması düzgündürmü? Alimlər öz cəhdlərini daha faydalı nələrsə etməyə sərf etsələr daha yaxşı olmazdımi? Onlar bunu nə üçün edirlər?

 

                Bunun səbəblərindən biri alimlərin maddənin təbiəti və mənşəyi haqqında irəli sürdükləri nəzəriyyələrin test edilməsidir. Məsələn, hazırki  nüvə modeli davamlı izotopların mövcudluğunu izah etmək üçün "Sehrli Ədədlər" nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə sıra nömrəsi 82, 126, 208 kimi olan elementlərin yüksək davamlılığının səbəbi onlarda olan proton və neytron saylarının qanunauyğun olmasıdır. Nüvəsində 82 protonu və 126 neytronu olan Pb-208 izotopunun fövqəladə davamlılığını da bu nəzəriyyə oxşar şəkildə izah edir. Nəzəriyyə tərəfdarları 114 proton və 183 neytrona sahib izotopun yüksək davamlılığa malik olacağını iddia edirlər. Artıq Dubnadaki nüvə tədqiqatı mərkəzində plutonium hədəfin Ca atomları ilə bombardum edilməsindən 114 nömrəli elementi nüvəsində 173 və 175 neytron saxlayan iki izotopu sintez olunmuşdur. Hər iki izotopun kütləcə daha ağır olmalarına baxmayaraq nisbətən daha stabil olmaları "Sehrli Ədədlər" nəzəriyyəsinin doğru ola biləcəyinə inam yaradır.

 

                Yeni elementlərin sintez olunmasında tək məqsəd hansısa nəzəriyyələrin təcrübədə yoxlanılması deyil . Alınan elementlər və istifadə olunan üsulların tibbdə və texnologiyada tətbiqi də perspektiv vəd edə bilər. Xüsusilə də ağır-ion terapiyası ilə məşğul olan xərçəng tədqiqatı mərkəzləri bu işdə maraqlı tərəfdirlər. Belə ki, dərində yerləşmiş, radiyasiyaya davamlı xərçəng hüceyrələrinin məhv edilməsi zamanı karbon nüvələri ilə bombardman ənənəvi terapiya metodlarından daha perspektivlidir. Çünki, ağır karbon nüvələri hədəfə daha çox enerji çatdıra bilir və onların hədəf üzərinə yönəldilməsi daha asandır.     

 

 

      Bu məqalə Vəli Əliyev tərəfindən "KimyaFobiya ilə Mübarizə" üçün hazırlanmışdır.


P a y l a ş . . .


Comments: 1
  • #1

    Admin (Sunday, 09 July 2017 00:41)

    Testing

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.