Karbon-dioksid

 

Mənbə: Prof.Dr. Ural Akbulut Məqalələri
Tərcümə: Kimyafobiya ilə mübarizə

 

    Karbon-dioksid qlobal istiləşmə və sobalardan sızan qaz səbəbi ilə ağlımıza daha çox ölümü gətirir. Bununla yanaşı karbon-dioksid həyatın iki fundamental maddəsindən biridir. Atmosferdəki karbon qazı miqdarı sənaye inqlabından əvvəl çox az idi. Sənaye inqilabı dövründə başlayan izafi kömür və neft istifadə edilməsi səbəbindən karbon-dioksidin də miqdarı artmağa davam etdi. Bu gün yer atmosferindəki karbon-dioksidin miqdarı 400 ppm təşkil edir. Başqa sözlə atmosferin həcmcə  0,04%-i karbon-dioksiddir. Dünyanın əmələ gəldiyi vaxtlarda, yəni təqribən 4,5 milyard il əvvəl də bu qaz atmosferdə var imiş. İlk canlı hüceyrələr 3.6 milyard il əvvəl meydana gəldi. Atmosferdəki karbon dioksid göy-yaşıl yosunlar tərəfindən udulmağa, fotosintez  yolu ilə oksigen miqdarı artmağa başladı. Gözlə görünən göbələklər, bitkilər  və bəzi heyvan növləri təqribən 545 milyon il əvvəl sürətlə çoxalmağa başladılar. Kaynazoy erası boyunca karbon-dioksidin atmosferdəki miqdarı 7000 ppm idi ki, bu da bizim dövrdəkindən 18 dəfə çox idi. Bu dövrdən sonra bitkilərin miqdarı artdıqca karbon-dioksid miqdarı azaldı. Dinozavrların yaşadığı Yura dövründə karbon-dioksid 1800 ppm hədlərində idi. Zaman keçdikcə dövrümüzdəki miqdardan daha az miqdarlara (180-280 ppm həddlərinə) endi. Buz dövründə karbon-dioksidin miqdarı 180 ppm həddlərində idi.

    Min illər boyu insanlar havanın karbon-dioksid, azot, oksigen və çox az miqdarda başqa qazlardan ibarət olduğunu başa düşməyərək onun dünyanın əsası olan dörd ünsürdən biri olduğu düşünmüşlər. Qədim Misir və Yunan filosofları dünyanın dörd əsas elementdən ibarət olduğuna inanırdılar. Bu elementlər torpaq, su, hava və od olaraq qəbul edilirdi. Başqa bir qrup filosoflar hər şeyin sudan, bəziləri isə torpaqdan ibarət olduğuna inanmışlar. Şumerlər 5000 il əvvəl kimyəvi təcrübələr ilə vacib kəşflərə imza atdığı halda, Yunan filosofları təcrübə aparmadan sadəcə fikir yürüdərək dünyanı tanımağı mümkün hesab edirdilər. Təcrübə aparmayan bu filosoflar havanın fərqli qazların qarışığı olduğunu heç vaxt başa düşmədilər.

       Belçikalı J.B. van Helmont 1609-cu ildə tibb sahəsində doktorluq aldı, amma zaman keçdikcə kimyaya istiqamətləndi. Odun kömürünü yandırıb, çıxan qazı tədqiq etdi və bu qazın üzüm mayalanarkən çıxan qaz ilə eyni xüsusiyyətə malik olduğunu aydınlaşdırdı.  O dövrdə bütün qazlara hava deyilirdi Helmont kömürdən çıxan karbon-dioksid qazının havadan fərqli olması səbəbi ilə ona "gas sylvestre" adı verdi və ilk dəfə qaz sözünü istifadə edən insan oldu. Şotlandiyalı J. Black 1750-ci illərdə əhəngdaşını qızdıraraq aldığı karbon-dioksidə "sabit qaz" adını verdi. Bu qazın havadan ağır olduğunu, alovu söndürdüyünü və bu qazla doldurulan qabda quşların öldüyünü ifadə etdi. Canlıların nəfəs verdiyi zaman bu qazı buraxdığını da Black kəşf etdi.

       Bitkilərin günəş işığından topladıqları enerji sayəsində havadakı karbon-dioksidin su ilə reaksiyasından əldə etdikləri şəkər, nişasta və selülloza kimi maddələr insan və heyvanlar üçün enerji mənbəyidir. Otyeyən heyvanlar fotosintez yolu ilə karbon-dioksiddən yaranan təbii maddələr ilə qidalanır. Otyeyən heyvanlar da insan və ətyeyən heyvanların qidasıdır. Bitkilər fotosintez zamanı yaratdıqları oksigeni atmosferə yayaraq atmosferdəki karbon-dioksid - oksigen tarazlığını qoruyur. Fotosintez bitkilərin xloroplastlarında olan xlorofil kimi piqmentlər sayəsində baş verir.

       Son illərdə kömür və neft istifadəsi artdığına görə atmosferdəki karbon-dioksid çox artdığı və bunun da qlobal istiləşməyə səbəb olduğu müzakirə edilir. Xüsusilə Çində kömürün artıq miqdarda istifadəsi digər dövlətlər tərəfindən etirazla qarşılanır. Bəzi alimlər isə karbon-dioksidin səbəbsiz yerə günahlandırıldığını düşünürlər. Milyon illər əvvəl dövrümüzdəki ilə müqayisədə atmosferdə 8-10 dəfə çox karbon-dioksid olduğu və hər yerin meşələr ilə örtülü olduğu yada salınır. Atmosferdə karbon-dioksid miqdarının artmasının taxıl və tərəvəz məhsuldarlığını artıracağı irəli sürülür. Bundan başqa karbon-dioksidin zəhərli olmadığına görə atmosferi çirkləndirən bir maddə sayılmaması həqiqəti vurğulanır.

       Karbon qazı gündəlik həyatın müxtəlif sahələrində istifadə edilir. Qazlı içkilər, mineral sular və bu kimi başqa içkilərin tərkibinə karbon-dioksid vurularaq qazlı hala gətirilir. Qida sənayesində qidaları soyuq saxlamaq üçün karbon-dioksiddən istehsal olunan "quru buz" istifadə edilir. Yanğınsöndürən balonların çoxu bu qaz ilə doldurulur. Sənayedə karbon qazından metil spirti, karbamid, karbon turşusu törəmələri və metal karbonatlar istehsal olunur. Bəzi elektrik mənbələrində, spreylərdə, hava tapançalarında, karbon-dioksid lazerlərində, kofeinsiz kofe istehsalında, bəzi quru təmizləmə müəssisələrində və parniklərdə də karbon qazı istifadə olunur. ABŞ-da İlinois Universitetində  alimlər karbon-dioksid və su qarışığından xüsusi  katalizator köməyi ilə karbon-monooksid və hidrogen istehsal etməyə nail oldular. Bu vacib kəşfin detallarını verən elmi məqalə "Nature" jurnalında 30 İyul 2014-cü ildə dərc olundu. Katalziator köməyi ilə istehsal olunan karbon-monooksid və hidrogen qazları təyyarə yanacağına çevrilə bilir. Daha əvvəl yaradılan oxşar işlərdə istifadə olunan katalizatorlar sadəcə karbon-dioksiddən karbon monooksid yaradırdı. Bu üsul sənaye səviyyəsində istifadə oluna bilərsə karbon-dioksid gələcəyin yanacaq mənbələrindən biri ola bilər.


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2018. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.