Nişasta niyə yodla mavi rəng verir?

 


1. Nişasta nədir?

2. Amilazanın xassələri

3. Yodun xassələri

4. Yod-nişasta kompleksi 

5. Müxtəlif amillərin təsiri


Nişasta nədir?

 

  Nişasta qlükozidik rabitələrlə birləşmiş qlükozalardan ibarət polimer karbohidratdır. Rəngsiz, iysiz və dadsız ağ rəngli tozdur və soyuq suda və spirtdə həll olmur. İki tip molekuldan ibarətdir: düz spiralşəkilli amilaza (kütləcə 20-25%) və şaxələnmiş amilopektinin (kütləcə 75-80%).

Şəkil 1. Qarğıdalı nişastası


 Amilazanın xassələri

 

  Amilaza qlükozaların bir-birinə α(1-4)-qlükan rabitəsi ilə bağlanmasından əmələ gəlir. Əsasən 3 fərqli şəkildə olur: A, B və V. A və B amilazalar ikiqat zəncirli spiraldan ibarətdir, V şəkli isə birqat spiraldan ibarətdir. Bu spirallar müxtəlif hidrogen rabitələri ilə stabilləşir. V amilaza bir çox maddələrlə, spirtlərlə, kalium hidroksidlə (KOH), yodla və üzvi polimerlərlə kompleks əmələ gətirir. Ən geniş yayılmışı V6-dır(hər dönmədə 6 qlükoza). V7 və V8 şəkilləri də mümkündür ki, bunlar kompleks əmələ gətirəcək qonaqmolekul üçün daha geniş yerə malikdir.  V amilaza spiralını iç səthi metilen (-CH2) və qlükozid rabitələrlə, xarici səthi isə hidroksid qrupları ilə döşənmişdir. Bu isə amilazanın hidrofobik boşluğa və hidrofilik səthə malik olması ilə nəticələnir.

Şəkil 2. V amilaza spiralı

Şəkil 3. V amilazanın üstdən görünüşü (boz dairələr oksigen atomları, ağ dairələr karbon atomları, kiçik ağ dairələr hidrogen atomları)


 Yodun xassələri.

 

 Yod qara-bənövşəyi rəngli bərk maddədir. Yod halogenlərin dördüncüsüdür. Diatomik molekullar əmələ gətirir. Suda çox az həll olur(20°C-də 3,5 l suda 1 q). Həll olmasını artırmaq üçün kalium yodid (KI) istifadə olunur ki, bu da yodla I3- və müxtəlif poliyodidlər əmələ gətitir.

   I2 + I- I3- (20°C-də K≈700)

Yod polyar həlledicilərdə qəhvəyi, qeyri-polyar həlledicilərdə isə bənövşəyi rəng verir. Yodun rəngli olmasına səbəb isə, molekulyar orbitalları arasındakı təxminən 260 kc/mol (460nm) enerji fərqidir. Yod mavi rəngi absorblayır və qəhvəyi rəng əmələ gəlir.

Şəkil 4. Yod müxtəlif həlledicilərdə

 

(Bənövşəyi məhlul - yod heksan məhlulu, qəhvəyi məhlul - yod su məhlulu)  


 

Yod-nişasta kompleksi

 

  Yod-nişasta kompleksi poliyodidlərin V amilazanın spiraldaxili boşluğuna(diametri 5.4 Å) girməsi ilə əmələ gəlir. Yod(I2) və yodid(I-) nisbətən hidrofobik boşluqda uzun stabil poliyodid zənciri əmələ gətirir. Boşluğun diametri kifayət qədər böyük olmadığı üçün amilaza poliyodid zəncirini sıxır, I-I-I arasındakı bucaq artır və rabitə zəifləyir. Nəticədə molukulyar orbitalda dəyişikliklər əmələ gəlir və absorbladığı dalğa uzunluğu dəyişir(təxminən 600nm). Tünd göy rəng əmələ gəlir. Yodun amilaza bağlanma reaksiyasında entalpiya dəyişmir(∆H=0), bu da onu göstərir ki, reaksiya entropiya dəyişməsi nəticəsində baş verir. Boşluq nisbətən hidrofobik olduğu üçün yodun boşluğa girib suyu çıxartması mühitin entropiyasını artırır və reaksiyanı əlverişli edir.

Şəkil 5. V amilaza yandan təsviri (üstdə), Amilaza yod kompleksinin yandan təsviri (altda) (boz dairələr oksigen atomları, ağ dairələr karbon atomları, kiçik ağ dairələr hidrogen atomları, qara dairələr yod atomları)



Müxtəlif amillərin təsiri:

 

  a) Temperaturun dəyişməsi 

Temperaturu artırdıqda amilopektin tamamilə çökür, amiloz isə kolloid məhlul əmələ gətirir. Amilazanın spiral quruluşu açılır və məhlul rəngsizləşir. Yenidən soyutduqda isə spiral yenidən əmələ gəldiyi üçün məhlul yenidən göyərir.

 

  b) Amilaza fermenti ilə təsir

Amilaza insanda qlükozid rabitələrini hidroliz edən bir fermentdir. İnsanın ağız suyunda rast gəlinir. Nişasta məhluluna tüpürüb yodla təyin etməyə çalışsaq, amilaza hidroliz olduğu üçün kompleks əmələ gəlmir və göy rəng alınmır.

Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.