Polivinilxlorid

 

Mənbə: Prof.Dr. Ural Akbulut Məqalələri
Tərcümə: Kimyafobiya ilə mübarizə

 

         PVC  kimi tanıdığımız polivinilxlorid inşaat sektorunda ən çox istifadə olunan plastik material olmaqla yanaşı, gündəlik həyatımızda ən çox rast gəldiyimiz materiallardan da biridir. Hər il 40.000.000 ton istifadə edilən PVC ən çox istifadə edilən plastik kütlələr arasında üçüncü yeri tutur. İstifadə müxtəlifliyi nəzərə alındıqda isə rahatlıqla demək olar ki, PVC tətbiq sahəsi ən geniş olan plastik materialdır. Bəs bu qədər vacib kimyəvi birləşmənin necə və nə zaman kəşf olunduğu sizin üçün maraqlı olmazmı?

         1838-ci ildə Fransız kimyaçısı H.V.Regnoult vinilxloridi bir qab içində günəş işığının altında qoymuşdu. Həmin qabda polimerləşmə baş vermiş və PVC əmələ gəlmişdi. 1872-ci ildə Alman kimyaçısı E. Baumann da oxşar əlamət müşahidə etdi, lakin bu alimlərdən heç biri bu yeni maddəyə diqqət ayırmadı.

         Bundan bir xeyli müddət sonra  1913-cü ildə Alman kimyaçısı F. H. A. Klatte yenə oxşar birləşməni əldə etdikdə onun potentini almağa qərar verir. PVC  təmiz halda kövrək olduğu üçün uzun müddət ticari məqsədlər üçün istifadə oluna bilmədi.

         1926-cı ildə Amerikalı kimyaçı W. Semon "Goodrich" adlı bir şirkətdə işlədiyi dövrdə kauçuku metallara yapışdırmaq üçün istifadə edə biləcəyi bir maddənin axtarışları ilə məşğul idi. Toz halında olan PVC-ni müxtəlif maddələr ilə qarışdıraraq xlor atomlarını bir-birindən uzaqlaşdırmağa çalışan alim təsadüfən materialın elastiklik qazanmasına səbəb oldu. PVC-nin bu cür elastik nümunəsi "Koroseal" adı ilə satışa çıxarıldı, amma bir o qədər də maraqla qarşılanmadı. Məlum olduqda ki, bu maddənin parçalara hopdurulması onlara su keçirilməzlik xüsusiyyəti verir, onun satışı bir qədər artdı.

 

          II Dünya Müharibəsindən sonra PVC dünyada ən çox istifadə olunan plastiklərdən biri oldu. Onun istehsalı asan başa gəlirdi və xərcləri az idi. Günəş şüalarına, nəmə, bakteriyaların və kimyəvi maddələrin təsirinə qarşı davamlı, həmçinin uzun ömürlü olan PVC  bu xüsusiyyətlərinə görə inşaat sənayesində ən çox tətbiq olunan polimer materialdır. Hər il istehsal olunan PVC-nin 50%-i boru istehsalına sərf olunur. Binalardakı qapı və pəncərələrin böyük bir qismi  məhz bu materialdan hazırlanır. Vinleks adlı ilə tanınan süni dərilər, vinil döşəmələr, bəzi çantalar da məhz bu materialdan hazırlanır. Tibbdə istifadə olunan, plastik materialların 30%-i PVC-dən hazırlanır. Ətrafımızdakı PVC materialların bir qismi yumşaqdır. Yumşaq PVC almaq üçün ona plastifikatorlar qatılır. Plastifikator kimi ftalat, fosfat, adipat, maleat və sitrat sinfindən olan üzvi birləşmələr tətbiq olunur. Uzun illər boyu DOP qısa adı ilə tanınan Dioktilftalat birləşməsi də plastifikator kimi tətbiq olunurdu.Lakin bu birləşmə zaman keçdikcə materialdan çölə süzüb, insanların səhhətində problemlər yaratdığından istifadəsi qadağan edildi. Bu gün PVC-nin özü və ona qatılan əlavələrin müxtəlifliyi daha da təkmilləşdirilmişdir.


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.