Qlobal İstiləşmə

(Böyük Problemlər Cəsur Həllər Tələb Edir)

 

"Qlobal İstiləşmə" nədir?

Elm adamları planetimizin orta temperaturunun artması ilə bağlı həmfikirdir və onlar hesab edirlər ki, Qlobal İstiləşmə vacib və başlıca problemdir. Temperaturun qalxmasının hava axınlarının şiddətini artıracağı, ekoloji sistemə məhvedici təsir göstərərək bəzi meşələri tam yaxud qismən yox edəcəyi, bəzi heyvan növlərinin nəslini kəsəcəyi gözlənilir. Səhralaşmanın artacağı, dənizlərin səviyyəsinin yüksələcəyi, quraqlıq ilə bağlı iflic olan kənd təsərüffatının gətirəcəyi yoxsulluq və səfalət də bədbin gözləntilərdəndir.

Bəs "Qlobal İstiləşmə"nin səbəbləri nələrdir?

Planetimiz kompleks bir sistem olub, özünü tənzimləmək xüsusiyyətinə malikdir. Lakin bəzi alimlər hesab edir ki, istixana qazlarının atmosferdəki qatılığının artması planetimizin normadan daha çox isinməsinə səbəb olur.  Karbon qazı, metan, freon qazları və aşağı atmosferdəki ozon belə qazlardandır.  Bu qazlar içərisində karbon qazı daha böyük paya sahib olduğu üçün qlobal istiləşmənin qarşısını almağa yönələn əksər cəhdlər onun atmosferdəki miqdarını azaltmaq üzərində cəmləşib. Bu məqsədə xidmət edən ideyalardan biri də karbon qazının okeanlar tərəfindən daha çox udulmasının təşkil etməkdir. Dünya okeanı böyük miqdarlarda karbon qazı mənimsəyir, lakin onun xaric etdiyi qazın miqdarı da az deyil. Hesablamalara görə okeanlar hər il 100 milyard ton karbon qazı udur. Bu qazın 98 faizi geri qaytarıldığı halda cəmi iki faizi birləşmələr şəklində okeanda qalır. Əgər karbon qazının mənimsənilmə faizini hər hansı bir yolla artıra bilsək atmosfedəki karbon qazının miqdarının azalmasına nail ola bilərik.

Karbon qazının miqdarını azaltmaq mümkündür! Fitoplanktonlar sağ olsun!

Fitoplanktonlar su ekosisteminin ilk halqası sayılır. Onlar havadakı karbon qazını udaraq ondan çoxsaylı üzvi birləşmələr hazırlayırlar. Fitoplanktonlar öldüyü zaman okeanın dibinə çökürlər beləcə özləri ilə birlikdə karbonu da okean dibinə çökdürmüş olurlar. Əgər hansısa bir yolla bu orqanizmlərin okean suyundakı miqdarını artırmaq mümkün olsa, okean tərəfindən udulan karbon qazının miqdarı da artmış olar. Bir zamanlar Kaliforniyadakı "Moss Landing" dəniz laboratoriyasında çalışan Con Martin bunu etməyin bir yolunu tapmışdı.

Fitoplanktonlar niyə çox arta bilmir?

1980-ci illərdən məlumdur ki, okean suyunun üst hissəsi günəş şüaları ilə yaxşı təmin olunsa da, orada lazımi həyat şəraiti mövcud olsa da ,fitoplanktonların miqdarı elə də çox deyil. Bu ancaq belə izah onuna bilər ki, ola bilsin orada fitoplanktonlara lazım olan nə isə yetərli miqdarda deyil. Onun çatışmazlığı belə orqanizmlər üçün məhdudlaşdırıcı amil rolunu oynayır.

Con Martin bir dahidir!

Con Martinin fərziyyəsinə görə həmin çatışmayan komponent dəmir ola bilərdi. Dəmir xlorofilin sintezi kimi vacib proseslərdə iştirak edərək fitoplanktonlar üçün həyati əhəmiyyəti olan bir elementdir. Alim təklif edirdi ki, fitoplankton sayının artması üçün dəmirin qatılığını artırmaq lazımdır. Artan fitoplanktonlar atmosferdən daha çox karbon qazı udmaqla onun qatılığını azalda bilərdilər. 1988-ci ildə okeonoloqların iştirak etdiyi seminarların birində Con Martin çox cəsarətli bir addım ataraq aşağıdakı sitatı səsləndirir:

"Mənə tankerlər dolusu dəmir verin, sizi buz dövrunə qaytarım."

Laboratoriyada həyata keçirilən ilk testlər müsbət nəticə verdi, lakin laboratoriyadakı şərait okeandakı real şəraitlə eyni ola bilməzdi. Martin daha bir cəsatərli təklif edərək təcrübənin okean şəraitində təkrarlanmasını istədi. Dövrün mövcud çətinlikləri səbəbindən təcrübə onun təklif etdiyi miqyasda real şəraitdə aparıla bilmədi.

Çox təssüf!

Təssüf ki, Con Martin yaxın keçmişdə həyata keçirilən təcrübəsinin okean miqyasındakı variantlarını görə bilmədi. Bu təcrübələrdən ikisi Sakit okeandakı Qalapaqos adalarından 300 mil cənubda və 800 mil qərbdə aparıldı. 1993-cü ilin oktyabr ayında 450 kiloqram dəmir(II)sulfat 64 kvadrat kilometrlik okean ərazisinə səpildi. Sonraki doqquz gün ərzində kimyaçılar və bioloqlar ərazidə müşahidlər apardılar. Nəticələr hayranedici idi. Fitoplanktonların artması və sudakı karbon qazının azalması Con Martinin fikirlərini təsdiq edirdi. Təssüf doğuran tək məqam karbon qazının miqdarındakı azalmanın gözlənilənin sadəcə 10 faizi həcmində olması idi. İkinci belə təcrübə 1995-ci ildə təşkil olundu. Nəticə belə oldu ki, dəmirin miqdarı uzun zaman sabit qalmayıb, sürətlə azalır, bununla bağlı olaraq udulan karbon qazının miqdarı da düşür. Onda belə çıxır ki, Qlobal İstiləşmədən can qurtarmaq üçün okeanlara dəmir tərkibli gübrələr vermək lazımdır?

Bəli, nə qədər qəribə səslənsə də cavab budur. Lakin problemin necə böyük olduğunu düşünəndə, bu cür bir yolun olması belə sevindirici hall sayılmalıdır, axı söhbət planetimizin gələcəyindən gedir.

 

Bu məqalə Vəli Əliyev tərəfindən "KimyaFobiya ilə Mübarizə" üçün orjinal mənbədən tərcümə olunmuşdur.

  


P a y l a ş . . . 


Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.