Etil spirtinin sinir sistemimizə təsir mexanizmi

 

                Ömründə heç olmasa bir dəfə belə spirtli içki qəbul etmiş hər kəs bilir ki, o sinir sistemimizə tormozlayıcı təsir göstərir. Növündən asılı olaraq spirtli içkilər özündə müxtəlif miqdarlarda etil spirti saxlayır, C2H5OH kimyəvi formuluna sahib bu maddə həm də içkiyə məxsusi alkoqol iyi verir.

                Sinir sistemimizdə informasiyanın ötürülməsi qonşu neyronların bir-birinə göstərdiyi həyəcanlandırıcı təsir nəticəsində mümkün olur. Bu prosesin mexanizmi belədir ki, bir neyrondan ayrılan hansısa bir maddə digər neyronun hüceyrə membranında yerləşən zülallarla birləşərək dəyişikliyə səbəb olur. Bu dəyişilmə hüceyrədə bir növ "keyləşmə" yaradır, beləcə ləngimə dediyimiz hadisə hüceyrə səviyyəsində baş vermiş olur. Misal üçün qamma-aminbutan turşusu (QABT) adlı birləşmə sinir hüceyrələrində həmin effekti yaradır.

                Sinir hüceyrələrinin normal fəaliyyəti zamanı QABT molekulları mütəmadi olaraq neyron membranındaki proteinlərə birləşir və ayrılır. Bu molekulun birləşməsi ləngimə halına uyğun gəlir. Elə maddələr var ki, onlar QABT-nin birləşməsinə şərait yaratdıqları halda zülaldan qopmasını çətinləşdirirlər.

                QABT molekulları kimi etil sipirti molekulları da haqqında danışdığımız protein molekullarına birləşə bilir. Lakin onların protein üzərindəki yerləri QABT üçün olan yerdən fərqlidir. Onlar molekula birləşdiyi zaman zülalın formasını dəyişir və QABT-nin birləşməsini asanlaşdırırlar. Bu səbəbdəndir ki, QABT molekullarının birləşməsi və ayrılması arasındakı balans pozulur. Yəni, sinir sistemində informasiyanın ötürülməsi gecikir.

                Əgər siz öz evinizdə xoş vaxt keçirmək məqsədi ilə naharda bir qədər spirtli içki qəbul edirsinizsə, yuxarıdakı proseslərin nəticəsini hiss etməyə bilərsiniz. Lakin siz daha çox diqqət və çeviklik tələb edən bir işlə məşğulsunuzsa, məsələn sükan arxasındasınızsa bu gecikmə sizə ciddi problemlər yarada bilər. "Əyləci bas!" əmrinin ayaqlarınıza ötürülməsi gecikərsə nələr baş verə biləcəyini təxmin etmək elə də çətin deyil.

 

Bu məqalə Vəli Əliyev tərəfindən "KimyaFobiya ilə Mübarizə" üçün hazırlanmışdır.   


P a y l a ş . . . 


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.