Sudan qızıl almaq

(Qızıl yağışı)

 

Mənbə: Vaqif Həsənov, Yavər Qasımova, Rəfiqə Məmmədova, Gülnarə Babayeva, Aybala Umudova KİMYA HƏVƏSKARLARI ÜÇÜN Bakı – 2013

 

 Keçmişdə qızıl əldə etmək üçün kimyaçılar çox böyük əmək sərf etmişlər. Onlar xüsusən civə ilə kükürdü qarışdırıb qızıl almağa çalışırdılar. Elmi əsası olmayan bu təcrübələr heç bir fayda verməmişdir. Radioaktivlik və nüvənin tərkib hissələri kəşf edildikdən sonra bir elementin başqa elementə çevrilməsi məsələsi elmi yolla həll edildi. Qızılın süni istehsal üsulu çox baha olduğu üçün iqtisadi cəhətdən əlverişli deyil. Ona görə də sənayedə qızıl təbii mənbələrdən alınır. Təbiətdə qızıla saf və birləşmələr şəklində təsadüf edilir. Dəniz və okean sularında da qızıl vardır. Bu qızılın hamısını çıxarmaq mümkün olsaydı hər adam başına 3 t qızıl düşərdi. Lakin dənizlərin suyunda qızılın qatılığı çox azdır. Hər 200000 t dəniz suyunda təxminən 1 q qızıl var. Bu qədər duru məhluldan çıxarılan qızıl ona qoyulan xərcin heç yüzdə birini də ödəyə bilmir. Məşhur kimyaçı Voldemar Donun çoxillik axtarışlarından sonra tapdığı üsul ilə sudan “qızıl” almaq mümkün olmuşdur. Həvəskar kimyaçı məşhur ədibimiz M.F.Axundovun təsvir etdiyi Molla İbrahim Xəlil kimyagərdən fərqli olaraq burada hökmən qızıl alınacaqdır!

Hazırlamalı: 1) 200 ml 10%-li qurğuşun-asetat məhlulu, 2) 150 ml 15%-li kalium-yodid məhlulu, 3) 500 millilitr həcmi olan boş Erlenmeyer kolbası, 4) sacayaq, 5) asbest tor, 6) kibrit, 7) dəsmal, 8) qaz və ya spirt lampası. (Qurğuşun-asetat və kalium yodid məhlulu həcmi 250 ml olan Erlenmeyer kolbasında hazırlanır). Kolbaları sacayağın üstünə qoyub lampaları yandırmalı və məhlulları qaynayana qədər qızdırmaq lazımdır. Kolbanın üzərini örtmək şərti ilə qaynayan məhlulları boş 500 ml-lik Erlenmeyer kolbasına tökmək lazımdır. Dəsmalı kolbanın üzərindən götürüb baxdıqda həqiqətən kolbanın içinin xırda qızıla oxşar pulcuqlarla dolu olduğunu görmək olar. Bu pulcuqlar günəş şüasında daha çox parıldayır. Onu isti suya tökdükdə həll olur. Reaksiyanın tənliyi belədir:

Pb(CH3COO)2 + 2KJ = 2CH3COOK + PBJ2

Qurğuşun 2-yodid qızıl kimi parıldayan pulcuqdan ibarətdir. Pulcuqların yığını kristallaşır.

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.